Oqtay Məmməd oğlu Kazımi 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O.Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O.Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O.Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Eldar Axundov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zaur Rzayev və digər məşhur müğənnilər ifa etmişlər. O.Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi (1992), Azərbaycan Respublikasının Xalq artisti (2006) fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür. O.Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir. Qeyd etmək lazımdır ki, görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməmişdir. Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat etmişdir.